Bu hadisələrin öyrənilməsi və gələcək nəsillərə çatdırılması böyük əhəmiyyət daşıyır"
"1918-ci ilin mart-aprel aylarında Bakı və Azərbaycanın digər bölgələrində baş verən qırğınlar xalqımıza qarşı həyata keçirilmiş ən qanlı faciələrdən biri kimi tarixdə qalıb. Bu hadisələr zamanı minlərlə azərbaycanlı milli və dini mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib".
Bu fikirləri Hafta.az-a Nizami rayon icra hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

K.İsmayılova tarixə diqqət çəkib:
"Həmin dövrdə regionda hökm sürən siyasi qarışıqlıq, Birinci Dünya müharibəsi sonrası yaranmış qeyri-sabitlik və hakimiyyət uğrunda mübarizə vəziyyəti daha da gərginləşdirirdi. 1918-ci ilin martında Bakı şəhərində hakimiyyəti əlində saxlayan Bakı Soveti və onun silahlı dəstələri azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı hücumlara başladılar.
Qısa müddət ərzində Şamaxı, Quba, Lənkəran və digər bölgələrdə kəndlər yandırıldı, tarixi abidələr və məscidlər dağıdıldı. Xüsusilə Şamaxıda yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, minlərlə dinc sakin qətlə yetirilmişdir. Quba bölgəsində isə sonradan aşkar edilən kütləvi məzarlıqlar bu hadisələrin miqyasını bir daha sübut edir. Bu faktlar göstərir ki, hadisələr təsadüfi deyil, planlı şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasətinin nəticəsi idi".
31 Mart hadisələri nəticəsində on minlərlə azərbaycanlının həyatını itirdiyini, minlərlə ailənin doğma yurdlarından didərgin düşdüyünü vurğulayan K.İsmayılova qeyd edib ki, bu faciə yalnız insan itkisi ilə deyil, həm də mədəni irsin məhv edilməsi ilə yadda qalıb:
"Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu hadisələrə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olunub.
31 Mart soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmış faciədir. Bu hadisələrin öyrənilməsi və gələcək nəsillərə çatdırılması böyük əhəmiyyət daşıyır. Tarixi həqiqətlərin dünyaya çatdırılması isə bu kimi faciələrin bir daha təkrarlanmaması üçün vacibdir".